Azərbaycan dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti
(Birinci nəşr)

Tərtibçi redaktor: Rafiq Məmmədli
Redaktor: Məmməd Adilov, filologiya elmləri doktoru
Kompüter dizaynı: Rafiq Məmmədli
Korrektor: Kəmalə Cəfərova

Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır. Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir. Kitab orta məktəb şagirdləri və müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Məmmədli R.H. və “Kitab Klubu”, 2007. Bütün müəllif haqları qorunur.

ISBN 978-9952-8087-4-2

Ön söz

Hörmətli oxucular, bildiyiniz kimi, Azərbaycan ədəbi dilinin (Azərbaycan türkcəsinin) tərkibində ərəb və fars dillərindən gəlmə xeyli söz vardır. Bu sözlərin müəyyən qismi dilimizdə tamamilə “vətəndaşlıq hüququ” qazanmış, dilin əsas lüğət fonduna daxil olmuş, digər qismi isə klassik ədəbiyyatımızda işlənmiş və arabir müasir Azərbaycan türkcəsində də işlənməkdədir.

Qəzet və ya kitab oxuyan, radioya qulaq asan, televizora baxan bir çoxumuz tez-tez belə bir halla rastlaşırıq: oxuduğumuz və ya eşitdiyimiz söz tanış gəlsə də, mənasını anlaya bilmirik. Məsələn, bir dəfə tanınmış bir yazıçımız müsahibəsində qeyd etmişdi ki, o, 60 yaşa çatıb, ancaq indiyədək lacivərd sözünün mənasını bilmir. Belə hallar gündəlik həyatımızda tez-tez olur. Sizlərdən kim kəvakib, intibah, sənə, səyyarə və ya elə həmin lacivərd sözlərinin mənasını bilir? Çoxunuz çiyinlərinizi çəkəcəksiniz, amma ağlınıza gəlməz ki, bu sözlərin mənası elə də əlçatmaz deyil...

Bu sahədə kiçik bir araşdırma apardıq. Məlum oldu ki, hazırkı dövrdə dilimizdə işlənən sözlərin toplandığı yığcam bir ərəb və fars sözlüyü mövcud deyil. Yalnız 1960-cı ildə (!) Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəşriyyatı tərəfindən C.F. Bağırovun redaktəsi ilə qısa bir lüğət nəşr olunub.  Lakin kitabın tərtibatçılarının özlərinin də etiraf etdiyi kimi kitabda çoxlu qüsurlar vardır. Kitabın nəşrindən keçən onilliklər ərzində sözlərin tələffüzündə də xeyli dəyişikliklər baş verib. Başqa bir tərəfdən, bəzi sözlər tamamilə gündəlik həyatımızdan silinib, bəziləri isə əlavə olunub. Həmin lüğətə ərəb və fars dillərindən gəlmə şəxs adları da salınmayıb...

Odur ki, müasir dövrlə ayaqlaşan, latın qrafikalı,  yığcam ərəb və fars sözlüyünə böyük ehtiyac var. Əlinizdəki bu lüğət məhz bu ehtiyacdan meydana çıxıb.

Onu da qeyd etmək istərdik ki, belə bir lüğət ilk dəfə tərtib olunduğundan səhvlərdən xali olmayacaq, ona görə də bütün səhvləri, habelə arzu və istəklərinizi lüğətin növbəti nəşrlərində nəzərə almağa söz veririk. Arzu, irad, təklif və tənqidlərinizi aşağıdakı E-poçt ünvanımıza yollayın.

Qeyd edək ki, lüğətə 5000-dək söz və söz birləşməsi daxil edilib. Bunlardan təqribən 3500-ü ərəb, 1200-ü fars, 300-ü isə mürəkkəb ərəb-fars və fars-ərəb mənşəli sözlərdir.

Lüğətdə tez-tez eşitdiyimiz islamiyyət kəlamlarının deyiliş və izahına da geniş yer verilib ki, bu da İslama maraq göstərib, ərəb dilini bilməyənlərə böyük yardım ola bilər.

Lüğətin daha bir üstünlüyü ondan ibarətdir ki, ondan sadəcə sözün ərəb və ya fars mənşəli olduğunu öyrənmək üçün də istifadə etmək olar.

Qeyd edək ki, vokabulalar Azərbaycan dilinin orfoqrafiya prinsiplərinə uyğun yazılıb.

Kitabın üz qapağı və içərisindəki söz və cümlələrin əski əlifba ilə yazılmasında köməyə görə kanadalı türk həmvətənimiz Ayşin Musəviyə böyük təşəkkürümüzü bildiririk.

Tərtibçi redaktor Rafiq Məmmədli